Şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı tədbirlərinin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Tərtər rayonunda da bu kateqoriyaya aid vətəndaşlara 25 mənzil təqdim edilib.

Postxronika.az xəbər verir ki, Tərtərdə yeni inşa olunmuş yaşayış binasından mənzillərin verilməsi mərasimində iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin müavini Nihad Muxtarlı şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin daim dövlətin sosial dəstək tədbirləri ilə əhatə olunduqlarını vurğulayıb.

Tədbirdə qeyd edilib ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi Zəfər əldə etdiyi Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə müvafiq mənzillə təminat proqramı 5 dəfə genişləndirilib. Müharibədən sonrakı dövrdə bu kateqoriyadan olan şəxslərə 7300-ə yaxın, ötən illər ərzində isə ümumilikdə 16 mindən çox mənzil və fərdi ev təqdim edilib.

Çıxışlarda həmçinin şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan vətəndaşlara yönələn sosial ödənişlərin artırılması, onların digər dəstək layihələri ilə əhatə olunması sahəsində görülən işlərdən də bəhs olunub.

Yeni mənzillə təmin olunan vətəndaşlar onların sosial müdafiəsi sahəsində həyata keçirilən tədbirlərə və göstərilən yüksək diqqətə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.