Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa “Erkən kəsimə son” təşəbbüsünə qoşularaq xüsusi videomüraciət yayımlayıb.
Postxronika.az xəbər verir ki, millət vəkili öz müraciətində son illərin statistik rəqəmlərinə əsaslanaraq ölkədə həm iri, həm də xırdabuynuzlu heyvanların sayında ciddi azalma müşahidə olunduğunu diqqətə çatdırıb. O bildirib ki, yaranmış bu mənfi tendensiya Azərbaycanın ərzaq təhlükəsizliyi üçün real risklər yaratmaqla bərabər, kənd təsərrüfatının, xüsusilə də qoyunçuluq və maldarlığın inkişafına ağır zərbə vurur.
Deputatın sözlərinə görə, müvafiq dövlət qurumlarının bu istiqamətdə həyata keçirdiyi önləyici tədbirlərə cəmiyyət üzvləri və ziyalılar tərəfindən də mütləq dəstək verilməlidir. Fazil Mustafa vurğulayıb ki, erkən kəsim yalnız ərzaq təhlükəsizliyi baxımından deyil, həm də mənəvi məsuliyyət prizmasından qiymətləndirilməlidir. Heyvanların tam yetkinləşmədən, bala vermədən və məhsuldarlığını ortaya qoymadan kəsilməsinin uzunmüddətli ərzaq problemlərinə yol açdığı xüsusi qeyd edilib.
Çıxışının sonunda millət vəkili cəmiyyətə çağırış edərək, hər kəsi bu həssas məsələdə məsuliyyətli davranmağa, erkən kəsimə qarşı birmənalı mövqe sərgiləməyə və bu prosesin qarşısının alınmasına öz fərdi töhfəsini verməyə səsləyib.