Bayram günlərində ölkə ərazisində hərəkət intensivliyinin artacağı nəzərə alınaraq, bütün hərəkət iştirakçıları daha diqqətli və məsuliyyətli olmağa çağırılır.
Postxronika.az Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) istinadən xəbər verir ki, yol hərəkəti zamanı verilən hər bir qərar insanların həyat və sağlamlığına birbaşa təsir göstərir, ən kiçik diqqətsizlik isə ağır nəticələrə səbəb ola bilər.
Qurumdan bildirilib ki, səfərə çıxarkən yol və hava şəraiti düzgün qiymətləndirilməli, nəqliyyat vasitələrinin texniki sazlığı əvvəlcədən yoxlanılmalıdır. Həmçinin, hərəkət zamanı müəyyən olunmuş sürət hədlərinə, təhlükəsiz ara məsafəsinə, eləcə də ümumi hərəkət təhlükəsizliyini təmin edən digər tələblərə ciddi əməl edilməlidir.
Bayram günlərində hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədilə yol polisi əməkdaşları tərəfindən xidmət gücləndirilmiş qaydada təşkil olunacaq.
BDYPİ bayram sevincinin hər hansı yol-nəqliyyat hadisəsi ilə kölgələnməməsi üçün bütün hərəkət iştirakçılarını qaydalara ciddi riayət etməyə, həm öz həyatlarına, həm də digər şəxslərin təhlükəsizliyinə həssas yanaşmağa çağırır. Qurum bayram münasibətilə hər kəsi təbrik edərək, rahat və təhlükəsiz səfərlər arzulayıb.