Təhsilin İnkişafı Fondunun “NEQSOL Holding” ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Parla” təqaüd və inkişaf proqramının 3-cü dalğasına start verilib. Layihənin yeni mərhələsində proqrama daha 50 tələbə qız qoşulub.
Postxronika.az Təhsilin İnkişafı Fonduna istinadən xəbər verir ki, bu münasibətlə fondun, “NEQSOL Holding”in və qrup şirkətlərinin nümayəndələrinin, mentorların və proqram iştirakçılarının iştirakı ilə görüş təşkil olunub.
Tədbirin açılışında çıxış edən “NEQSOL Holding”in Azərbaycan ofisinin rəhbəri İmran Əhmədzadə proqramın gənc xanımların bacarıqlarının inkişafı, peşəkar şəbəkələrinin genişləndirilməsi və təhsildən əmək bazarına uğurlu keçidi üçün vacib mühit formalaşdırdığını bildirib. O qeyd edib ki, proqram iştirakçılara təlimlər, mentorluq, təcrübə və digər praktiki imkanlar vasitəsilə zəruri dəstəyi təmin edir.
Daha sonra Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov proqramın gənc xanımların ali təhsilə çıxış imkanlarının genişləndirilməsi və onların potensialının reallaşdırılması baxımından mühüm rol oynadığını vurğulayıb. Bildirilib ki, proqram yalnız maliyyə dəstəyi ilə məhdudlaşmır, həm də iştirakçıların şəxsi və peşəkar inkişafına yönəlmiş geniş imkanlar yaradır.
Rəsmi çıxışlardan sonra proqramı uğurla başa vuraraq əmək fəaliyyətinə başlayan məzunlar öz təcrübələrini və uğur hekayələrini iştirakçılarla bölüşüblər. Tədbirin sonunda iştirakçılar arasında tanışlıq məqsədilə interaktiv sessiya təşkil olunub.
Qeyd edək ki, artıq 3 ildir icra olunan “Parla” proqramı çərçivəsində iştirakçılar aylıq təqaüdlə yanaşı, ingilis dili və IELTS hazırlığı, yumşaq bacarıqlar və liderlik üzrə təlimlər, mentorluq dəstəyi, “NEQSOL Holding”in şirkətlərində təcrübə imkanları və rəqəmsal təhsil resurslarına çıxış əldə edirlər.
Bu günədək proqramdan ümumilikdə 150 tələbə qız bəhrələnib. Onlardan 41-i proqramı tamamlayaraq əmək fəaliyyətinə başlayıb və ya təhsilini davam etdirir. Hazırda yeni qoşulanlarla birlikdə 109 nəfər proqramda iştirakını davam etdirir. Xatırladaq ki, bu təşəbbüs 2025-ci ildə “Böyük işəgötürənlər üçün Stevie®” mükafatlarının qızıl və gümüş kateqoriyalarına layiq görülərək beynəlxalq səviyyədə tanınıb.