Rejissor Kirill Sokolovun "They Will Kill You" qorxu-komediya filminin SXSW (South by Southwest)  festivalında premyerası keçirilib. Martın 27-də dünya prokatına çıxacaq ekran işi maraqlı süjet xətti ilə diqqət mərkəzindədir.


Postxronika.az xəbər verir ki, Zazi Bits, Patrisiya Arkett və Tom Felton kimi ulduzların yer aldığı heyət layihəyə xüsusi şərtlə qatılıb. Aktyorlar rejissordan hekayənin həddindən artıq süni və mübaliğəli ("camp") üslubda işlənilməməsini tələb ediblər. Ekran əsəri Nyu-Yorkun müəmmalı otelində işə başlayan və qısa müddətdə gizli bir təriqətin qurbanına çevrilən xidmətçinin mübarizəsindən bəhs edir. Ssenarinin yumoristik dili və sürətli tempi tamaşaçılar tərəfindən müsbət qarşılanıb.


Aktrisa Hizer Qrem filmdə güclü qadın obrazlarının üstünlük təşkil etməsini yüksək qiymətləndirib. Rejissor Sokolov isə layihənin kifayət qədər çılğın olduğunu, lakin inandırıcılığını qoruyub saxladığını vurğulayıb. Aksiyon və absurd elementlərlə zəngin olan bu film qorxu janrında fərqli bir təcrübə vəd edir. Yaradıcı heyət studiyanın bu orijinal ideyaya inandığı üçün minnətdarlığını ifadə edib.