Hollivudun iki nəhəng layihəsi olan "Dune 3" və "Avengers: Doomsday" filmləri eyni tarixdə, 18 dekabrda nümayiş olunacaq. Bu təsadüf kinoteatr zəncirləri və prodüserlər arasında ciddi narahatlığa səbəb olub.


Postxronika.az xəbər verir ki, hər iki studiya geri çəkilmək niyyətində deyil və bu vəziyyət "Dunesday" (Dyun günü) adlandırılan yeni bir fenomenin yaranmasına yol açıb. Analitiklər hesab edir ki, bu rəqabət "Barbenheimer" hadisəsindən fərqli olaraq daha çətin keçəcək, çünki hər iki ekran əsəri oxşar auditoriya kütləsinə xitab edir. Xüsusilə "IMAX" ekranları uğrunda mübarizə kəskinləşib; belə ki, "Dune 3" artıq üç həftəlik eksklüziv yayım hüququnu əldə edib. Disney tərəfi isə premium formatlı ekranlar olmadan belə, "Qisasçılar" brendinin gücünə güvənərək yüksək gəlir əldə edəcəyinə inanır.


Dekabr ayının son həftəsi tətil dövrünə təsadüf etdiyi üçün izləyicilərin hər iki filmə zaman ayıracağı ehtimal olunur. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu "toqquşma" digər kiçik büdcəli filmlərin kölgədə qalmasına səbəb ola bilər. Aktyorlar Robert Dauni və Timoti Şalame isə bu rəqabətə yumorla yanaşaraq dostluqlarının sınağa çəkiləcəyini bildiriblər. Hazırda dünya kino sənayesi bu böyük duelun kassa nəticələrini maraqla gözləyir.