Bu il Novruz və müqəddəs Ramazan bayramlarının eyni vaxta təsadüf etməsi ilə əlaqədar tətil günlərində paytaxtdan bölgələrə səfər edənlərin sayının kəskin artacağı və yollarda nəqliyyat sıxlığının yaranacağı gözlənilir. Bununla əlaqədar olaraq sürücülərə müraciət edilib və yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün polis əməkdaşlarının bütün zəruri tədbirləri həyata keçirdiyi diqqətə çatdırılıb.
Postxronika.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, qəzaların qarşısını almaq və baş vermə ehtimalını azaltmaq üçün əsas məsuliyyət vətəndaşların üzərinə düşür. Qurum hamılıqla qaydalara əməl etməyin əsas şərt olduğunu vurğulayır.
DİN yola çıxan sürücüləri aşağıdakı təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır:
İlk növbədə avtomobilin texniki sazlığını yoxlamaq;
Mümkün qədər günün erkən saatlarında yola çıxmaq;
Sürət həddini aşmamaq, sürəti yol və hava şəraitinə görə seçmək;
Ötmə və manevr qaydalarına uyğun davranmaq;
Sərxoş vəziyyətdə sükan arxasına əyləşməmək;
Avtomobildə olan hər kəsin təhlükəsizlik kəmərindən istifadə etdiyindən əmin olmaq.
Müraciətin sonunda bildirilib ki, bu sadə qaydaları pozmaq və bir anlıq ehtiyatsızlıq arzuolunmaz hadisələrə gətirib çıxara bilər. Nazirlik hər kəsi yollarda daha diqqətli və məsuliyyətli davranmağa səsləyərək, vətəndaşlara xüsusi günləri böyük ruh yüksəkliyi və könül xoşluğu ilə qeyd etməyi arzulayıb.