Qətərin Baş naziri İranın münaqişə zonasını genişləndirmək niyyətində olduğunu bildirib. 

Postxronika.az xəbər verir ki, Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani regiondakı gərginliklə bağlı kəskin bəyanatla çıxış edib. O, Dohada türkiyəli həmkarı Hakan Fidanla keçirdiyi birgə mətbuat konfransında rəsmi Tehranın fəaliyyətinə toxunub.

Nazir bildirib ki, İranın son addımları birbaşa münaqişə zonasını genişləndirmək məqsədi daşıyır:"İran Qətərin hərbi obyektləri ilə yanaşı, enerji infrastrukturunu da hədəf alıb. Şansımız ondadır ki, hücumlar nəticəsində insan itkisi qeydə alınmayıb. Lakin bu cür hücumlar qlobal enerji zəncirinə ciddi zərbə vurur və xalqların ziyanınadır".

Şeyx Məhəmməd bin Əbdülrəhman həmçinin İranın hədəf seçimi ilə bağlı iddialara da aydınlıq gətirib. O, Tehranın ABŞ bazalarını hədəf alması barədə yayılan məlumatları təkzib edərək, zərbələrin məhz mülki enerji infrastrukturuna endirildiyini vurğulayıb.