Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində bank və bank olmayan kredit təşkilatlarının adından istifadə edərək fişinq yolu ilə kiberdələduzluq edən mütəşəkkil haker şəbəkəsi ifşa edilib. Dəstə üzvləri vətəndaşlara qarşı kütləvi dələduzluq əməlləri həyata keçiriblər.
Postxronika.az xəbər verir ki, keçirilən tədbirlərlə qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən 23 yaşlı Qurbanşir Qasımov, onun qardaşı 20 yaşlı Ülkan Qasımov və 25 yaşlı Uğur Nağıyev müəyyən edilərək saxlanılıblar.
Araşdırmalar zamanı kiberdələduzların cinayət sxeminin təfərrüatları məlum olub:
Saxta saytların yaradılması: Şəbəkə üzvləri müxtəlif bank və kredit təşkilatlarının rəsmi internet səhifələrinə vizual baxımdan tamamilə oxşar olan saxta fişinq saytları hazırlayıblar.
Şirnikləndirici təkliflər: İnsanların diqqətini cəlb etmək məqsədilə həmin saxta saytların sosial şəbəkələrdə reklamını yerləşdirərək, vətəndaşlara aşağı faizli kreditlər təklif ediblər.
Məlumatların ələ keçirilməsi: Kredit almaq istəyən vətəndaşlar saxta saytların həqiqiliyinə inanaraq bank kartı məlumatlarını (bitmə tarixi, CVV və OTP təhlükəsizlik kodları) sistemə daxil ediblər. Nəticədə bu məxfi məlumatlar birbaşa dələduzların idarə etdiyi şəbəkəyə ötürülüb.
Pulların talanması və "iz"in itirilməsi: Kiberdələduzlar vətəndaşların bank hesablarına qanunsuz daxil olaraq pulları mənimsəyiblər. İzi itirmək üçün isə əldə etdikləri vəsaitləri müxtəlif bank hesablarına və elektron pul kisələrinə köçürərək nağdlaşdırıblar.
Yüzlərlə zərərçəkən: Saxlanılan şəxslər ilkin ifadələrində etiraf ediblər ki, bu üsulla 300-ə yaxın vətəndaşın kart məlumatlarını ələ keçirib və onların pul vəsaitlərini oğurlayıblar.
Faktla bağlı KMBİ-də cinayət işi başlanılıb və araşdırmalar davam etdirilir.
Hüquq-mühafizə orqanları bir daha vətəndaşlara xəbərdarlıq edir ki, kredit və ya bu kimi sorğularla bağlı yalnız Mərkəzi Bank tərəfindən lisenziya verilmiş maliyyə qurumlarına müraciət etsinlər. Şübhəli şəxslərə, səhifələrə və linklərə daxil olaraq kart məlumatları təqdim edilməməli, riskli hallarla qarşılaşdıqda isə dərhal polisə məlumat verilməlidir.