Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Avropa İttifaqına rəhbərliyi dəyişdirməyi və rusofobiyadan əl çəkməyi tövsiyə edib. Rəsmi Moskva təmsilçisi köhnə qitənin yalnız Rusiya ilə əməkdaşlıq sayəsində ayaqda qala biləcəyini iddia edir. Onun sözlərinə görə, qərb dövlətləri enerji və geosiyasət sahəsində buraxdıqları strateji səhvləri mütləq etiraf etməlidirlər.
Postxronika.az xəbər verir ki, Dmitriyev rəsmi Brüsselin Rusiya qazından imtina qərarına görə qitəni yaxın gələcəkdə dağıdıcı "enerji sunamisi"nin məhv edəcəyini vurğulayıb. Qeyd edək ki, Aİ Şurası 2027-ci ildən etibarən şərq qonşusundan mayeləşdirilmiş və boru kəməri təbii qazının idxalına tam qadağa qoyulmasını təsdiqləyib. Tətbiq ediləcək bu sərt məhdudiyyətlərin ilkin mərhələsi isə artıq 2026-cı ilin yazından etibarən qısamüddətli müqavilələrə şamil olunacaq.