Azərbaycan xalqının ən sevimli bayramı olan Novruz, yazın gəlişini və astronomik yeni ilin başlanğıcını simvolizə edən qədim köklərə malik möhtəşəm bir el bayramıdır.
Postxronika.az xəbər verir ki, bu bayram 2009-cu ildə UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ siyahısına daxil edilərək beynəlxalq status qazanıb.
Hazırlıqları qışın son ayından başlayan bayramın mahiyyəti dörd ünsürə — su, od, torpaq və küləyə həsr olunan çərşənbələrlə təbiətin yenilənməsini ifadə edir.
Xalq arasında xüsusi təntənə ilə qeyd olunan "Axır çərşənbə" və bayram axşamı tonqal qalanması, papaqatdı, yumurta döyüşdürülməsi kimi ayinlər nəsillərdən-nəsillərə ötürülür. Bayram süfrəsinin mərkəzində dayanan səməni və onu əhatə edən paxlava, qoğal, şəkərbura kimi şirniyyatlar kainatın və həyatın rəmzləri hesab olunur.
"S" hərfi ilə başlayan yeddi nemətin düzüldüyü xonçalar və əsas bəzək olan şah plov bayramın ayrılmaz parçalarıdır.
Bu müqəddəs günlər insanlar arasında mehribanlığı artırır, küsülülərin barışmasına və milli birliyin möhkəmlənməsinə xidmət edir.