"Fənərbaxça"nın braziliyalı ulduzu Fred yeni transfer şayiəsi ilə manşetlərə çıxıb. 2023-cü ilin yayında "Mançester Yunayted"dən transfer edilən Fred "Fənərbaxça"dakı müddətinin sonuna yaxınlaşa bilər.

Postxronika.az Braziliya mediasında yer alan məlumata istinadla xəbər verir ki, 33 yaşlı futbolçu "Fənərbaxça"dan ayrılmağı düşünür.

Qeyd edilib ki, "Atletiko Mineyro" əvvəllər Fredi yanvar transfer pəncərəsi zamanı heyətinə qatmaq istəsə də, razılıq olmayıb. Onunla əlaqə saxlamağı dayandırmayan Braziliya komandasının yay transfer pəncərəsində məqsədinə çatmaq ehtimalı getdikcə artır.

İddialara görə, Fred hazırda "Atletiko Mineyro"ya keçməyi düşünür və mövsümün sonunda "Fənərbaxça" ilə yollarını ayıra bilər.