Böyük Britaniya hökuməti İranın Dieqo Qarsiya adasında yerləşən ABŞ-lə birgə hərbi bazaya endirdiyi ballistik raket zərbələrini kəskin şəkildə pisləyib.
Postxronika.az xəbər verir ki, beynəlxalq medianın məlumatına əsasən, Tehranın Çaqos arxipelaqına atdığı iki orta mənzilli raketdən biri ABŞ hərbi gəmisi tərəfindən zərərsizləşdirilib, digəri isə hədəfə çatmamış sıradan çıxıb. Birləşmiş Krallıq rəsmiləri Londonun münaqişənin tezliklə sülh yolu ilə həllinin tərəfdarı olduğunu və hücum əməliyyatlarında iştirak etməyərək bu məsələdə Vaşinqton ilə Təl-Əvivdən fərqli yanaşma nümayiş etdirdiyini diqqətə çatdırıblar. Buna baxmayaraq, rəsmi London qlobal gəmiçiliyə və Körfəzdəki tərəfdaşlarına qarşı yönələn təhdidlərin qarşısını almaq məqsədilə atılan qoruyucu addımları tam dəstəkləyir. Paralel olaraq, Baş nazir Kir Starmer Bəhreyn vəliəhdi ilə telefon danışığı apararaq, regionda artan gərginliyi, eləcə də mühüm infrastruktura edilən qanunsuz müdaxilələrin yolverilməzliyini müzakirə edib. O, həmçinin Amerika Birləşmiş Ştatlarının kollektiv təhlükəsizlik məqsədilə Britaniya hava limanlarından yalnız məhdud müdafiə əməliyyatları üçün istifadəsinə icazə verildiyini xatırladıb.