"Mançester Siti"nin portuqaliyalı yarımmüdafiəçisi Bernardo Silva bu yay müqaviləsi başa çatdıqdan sonra karyerasını "Barselona"da davam etdirməyi hədəfləyir. Kataloniya təmsilçisi artıq 31 yaşlı futbolçunun meneceri Xorxe Mendeşlə mümkün keçidlə bağlı ilkin danışıqlara başlayıb.
Postxronika.az xəbər verir ki, İspaniya nəhəngi bu əməkdaşlığı cəlbedici hesab etsə də, hazırda sözügedən mövqedə rəqabətin yüksək olması səbəbindən ehtiyatlı davranır. Klub rəhbərliyi əsasən mərkəz müdafiəçisi və hücumçu axtarışında olduğundan, İngiltərə komandasının təcrübəli üzvünün transferi hazırda mütləq prioritet sayılmır. Buna baxmayaraq, "Blauqrana" təmsilçiləri bazar dəyəri 27 milyon avro olaraq qiymətləndirilən idmançının yüksək bacarıqlarına qətiyyən şübhə etmirlər. Məlumat üçün bildirək ki, ulduz oyunçu cari mövsümdə meydana çıxdığı 41 matçda üç dəfə fərqlənib və komanda yoldaşlarına beş məhsuldar ötürmə edib.