"Arsenal", "Yuventus" və "Çelsi" klubları hazırda icarə əsasında "Barselona"nın şərəfini qoruyan "Mançester Yunayted"in hücumçusu Markus Reşfordu öz heyətinə qatmaq istəyir.

Postxronika.az "Football365" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi ingilis cinah yarımmüdafiəçisini komandada saxlamaqda maraqlı olsa da, onu yalnız yenidən icarəyə götürməyi düşünür. "Qırmızı şeytanlar" isə 28 yaşlı futbolçunun birdəfəlik satışından yüksək gəlir əldə etməyi planlaşdırır. Bununla belə, Mançester klubu İngiltərə Premyer Liqasındakı birbaşa rəqiblərini gücləndirməmək məqsədilə ulduz oyunçunun London təmsilçilərinə keçidinə mane ola bilər.

Qeyd edək ki, cari mövsümdə bütün turnirlərdə 38 matça çıxan Reşford 10 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalına əsasən, təcrübəli hücumçunun hazırkı transfer dəyəri 40 milyon avro təşkil edir.