Solçu qruplara sızan gizli polis məmuru ehtiyatsızlıq ucbatından öz kimliyini ifşa edib.

Postxronika.az xəbər verir ki, özünü Saymon Uellinqs kimi təqdim edən xəfiyyə həmkarları ilə fəalları müzakirə edərkən səhvən onlardan birinin nömrəsini yığaraq məxfi söhbətin səsli poçta yazılmasına səbəb olub. Bu gülünc xətasına görə etirazçılar tərəfindən bacarıqsız detektiv "Müfəttiş Klouzo"ya bənzədilən casus dərhal qrupdan qovulub. Aparılan ictimai araşdırmalar zamanı məlum olub ki, o, 2001-2007-ci illər ərzində kampaniya iştirakçıları haqqında dörd minə yaxın müşahidə hesabatı hazırlayıb. Fəallar həmin sənədlərdəki faktların bilərəkdən şişirdildiyini, məlumatların bir qisminin isə açıq mənbələrdən köçürüldüyünü iddia edirlər. Öz səhvini etiraf edən Uellinqs isə xüsusi bölməyə qoşulmasının əsas səbəblərindən birinin əlavə iş saatlarına görə qazanc əldə etmək olduğunu gizlətməyib.