Martın 21-i və 22-də respublika ərazisində polis əməkdaşları tərəfindən cinayətkarlığa qarşı mübarizə, qanunsuz saxlanılan silah-sursatın və narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılması, eləcə də axtarışda olan şəxslərin tutulması istiqamətində qətiyyətli əməliyyat tədbirləri həyata keçirilib.


Postxronika.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, təkcə martın 22-də ölkə ərazisində qeydə alınan 29 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Həmçinin, müxtəlif cinayətlər törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

Keçirilən tədbirlərlə axtarışda olduğuna görə ümumilikdə 13 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Bundan başqa, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilməsi təmin edilib.

Qanunsuz saxlanılan silah-sursatın aşkarlanması ilə bağlı əməliyyatlar da uğurla davam etdirilib. Belə ki, martın 21-də paytaxt və ayrı-ayrı rayonlarda 7 tüfəng götürülüb. Martın 22-də isə qanunsuz silah saxlama ilə bağlı 6 fakt müəyyən edilib; nəticədə 2 avtomat silahı, 2 qumbara, 1 alışdırıcı, 6 tüfəng, 27 patron darağı, 23 mərmi və 2426 ədəd müxtəlif çaplı patron aşkar edilərək müsadirə olunub.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində də ciddi nəticələr əldə edilib. Martın 21-də keçirilən əməliyyatlarla ümumi çəkisi 40,9 kiloqram narkotik vasitə və 500 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Martın 22-də isə narkotiklərlə əlaqəli daha 3 fakt müəyyən edilib.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi və narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat-profilaktik və qətiyyətli mübarizə tədbirləri davam etdirilir.