Qətər Silahlı Qüvvələrinə məxsus helikopterin dənizə düşməsi nəticəsində həyatını itirən ASELSAN-ın iki texniki mütəxəssisi ilə paytaxt Ankarada vidalaşıblar.
Postxronika.az Azərtac-a istinadən xəbər verir ki, Əhməd Hamdi Akseki məscidində təşkil olunan mərasimdə Türkiyənin dövlət rəsmiləri, o cümədən vitse-prezident Cevdet Yılmaz və Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün iştirak ediblər. Süleyman Cemre Kahraman və İsmayıl Enes Canın xatirəsinin yad edildiyi tədbirdə mərhumların yaxınlarına dərin hüznlə başsağlığı verilib.
Martın 21-də texniki nasazlıq səbəbindən baş verən qəza ümumilikdə yeddi nəfərin, o cümlədən Türkiyə ordusunun bir hərbçisinin və dörd qətərli hərbi qulluqçunun ölümünə səbəb olub. Hadisə zamanı şəhid olan mayor Sinan Taştekinlə vida mərasiminin isə martın 24-də keçirilməsi qərara alınıb. Türkiyə rəhbərliyi hər iki qardaş ölkənin xalqına və kədərli ailələrə səbir diləyərək bu ağır itki ilə bağlı rəsmi başsağlığı ünvanlayıb.