Martın 23-də ölkə ərazisində qeydə alınan 40 və əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib. Həmçinin axtarışda olan ümumilikdə 30 nəfər, o cümlədən dələduzluğa görə axtarılan 4 və borclu qismində axtarışda olan 16 şəxs saxlanılaraq aidiyyəti qurumlara təhvil verilib.
Postxronika.az Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlar nəticəsində 8,6 kiloqrama yaxın narkotik vasitə və 1000 ədəd metadon həbi aşkarlanıb. Bundan başqa, qanunsuz saxlanılan silah-sursatla bağlı 19 fakt müəyyən edilərək 2 avtomat, 20 tüfəng, 4 patron darağı və 119 ədəd müxtəlif çaplı patron müsadirə olunub.
Görülən tədbirlərlə cinayət törətməkdə şübhəli bilinən 37 nəfər tutulub, eləcə də ailə üzvlərinə xəbər vermədən evi tərk etdiyinə görə itkin düşmüş kimi axtarılan 4 vətəndaş tapılıb. Nazirlikdən bildirilib ki, ölkə ərazisində bu istiqamətdə əməliyyat və profilaktik tədbirlər qətiyyətlə davam etdirilir.