Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ölkə yollarında dumanlı hava şəraiti ilə əlaqədar görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir. Bu cür meteoroloji vəziyyət sürücülərin görmə dairəsini daraldaraq ağır nəticəli yol-nəqliyyat hadisələrinə, xüsusən də zəncirvari qəzalara ciddi zəmin yaradır.

Postxronika.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi bayram günlərində bölgələrə və turizm məkanlarına üz tutan vətəndaşların sayının artmasını nəzərə alaraq hərəkət iştirakçılarına xəbərdarlıq edib. Qurum səfərə çıxan şəxslərdən sürət həddini minimuma endirməyi və avtomobillər arasında daha çox ara məsafəsi saxlamağı xahiş edir. Həmçinin, nəqliyyat vasitələrini idarə edənlərə xarici işıq cihazlarının sazlığından əmin olmaq, eləcə də ötmə, manevr və parklanma zamanı təhlükəsizlik qaydalarına qəti şəkildə riayət etmək tövsiyə olunur.