Böyük Britaniyanın paytaxtında fəaliyyət göstərən yəhudi icmasına məxsus dörd təcili tibbi yardım avtomobilinin qəsdən yandırılması faktı üzrə İran dövləti ilə əlaqəli olduğu ehtimal edilən qruplaşma barədə istintaq başladılıb. Qolders Qrin bölgəsində baş verən və nəqliyyat vasitələrindəki qaz balonlarının partlaması ilə nəticələnən bu hadisə hələlik terror aktı deyil, antisemit nifrət cinayəti kimi tövsif olunur.
Postxronika.az xəbər verir ki, Metropoliten Polisinin rəisi Mark Rouli insidentin arxasında birbaşa Tehranın dayandığını söyləmək üçün hələ tez olduğunu vurğulayıb. Lakin o, "Hərəkat Əshab əl-Yamin əl-İslamiyyə" adlı təşkilatın bu qəsdi öz üzərinə götürdüyünü və məsələnin diqqətlə araşdırıldığını bildirib. Artan təhdidlər fonunda yerli sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə əraziyə əlavə polis qüvvələri və silahlı patrullar cəlb edilib. Eyni zamanda, baş vermiş təxribatla əlaqədar İslam Respublikasının Londondakı səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq xəbərdarlıq edilib.