Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən qoruq ərazisində təbiətə qarşı qanunsuz əməl törədilib. Belə ki, ərazidəki qaya daşlarının qəsdən məhv edilməsi və zədələnməsi ilə bağlı məlumat əsasında polis tərəfindən dərhal araşdırmalara başlanılıb.
Postxronika.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları martın 23-də sözügedən ərazidə qanunsuz işlərin aparılmasını müəyyən edərək prosesi dayandırıblar.
Həyata keçirilən araşdırmalar nəticəsində məlum olub ki, bu qanunsuz işlər 1978-ci il təvəllüdlü Ələsgər Cəfərov tərəfindən təşkil edilib. Qaya daşlarının yerindən çıxarılması isə 1985-ci il təvəllüdlü Təbriz Orucovun idarə etdiyi texnika vasitəsilə həyata keçirilib.
Hazırda faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və işin təşkilatçısı Ə.Cəfərov məsuliyyətə cəlb olunub. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.