Macarıstanın paytaxtı Budapeştdə yerləşən Seçeni Milli Kitabxanasında Azərbaycan ədəbiyyatı bölməsinin açılış mərasimi keçirilib.

Postxronika.az bu barədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə istinadla xəbər verir. 

Bildirilib ki, tədbirdə Macarıstan Milli Kitabxanasının direktoru David Rozsa və hər iki ölkənin rəsmi şəxsləri iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, yeni bölmə Azərbaycan ilə Macarıstan arasında mədəni əməkdaşlığın və ədəbi əlaqələrin inkişafına mühüm töhfə verəcək, xalqlar arasında qarşılıqlı anlaşmanı gücləndirəcək. Bildirilib ki, kitabxanalar mədəni diplomatiyanın effektiv alətlərindən biri olmaqla yanaşı, müxtəlif xalqları birləşdirən platforma rolunu oynayır.

Qeyd edilib ki, Seçeni Milli Kitabxanasında artıq 150-dən çox Azərbaycan nəşri oxuculara təqdim olunur. 2024-cü ildə Bakıda Macarıstan ədəbiyyatı bölməsinin açılması isə qarşılıqlı əməkdaşlığın davamlı xarakter daşıdığını göstərir.

Tədbir çərçivəsində iştirakçılar yeni yaradılan bölmə ilə tanış olub, Azərbaycan ədəbiyyatına dair nəşrləri nəzərdən keçiriblər.