İran rəhbərliyi vasitəçilər vasitəsilə ABŞ-nin münaqişənin tənzimlənməsi ilə bağlı təqdim etdiyi 15 bəndlik layihəyə rəsmi münasibətini bildirib.
Postxronika.az "Tasnim" agentliyinin yaydığı məlumata istinadla xəbər verir ki, rəsmi Tehran martın 25-də göndərdiyi cavab məktubunda Ağ Evin reaksiyasını gözləyir. Sənəddə Yaxın Şərqdəki müqavimət qruplarına qarşı hərbi əməliyyatların tam dayandırılması və münaqişənin bərpa olunmaması üçün konkret şərtlər irəli sürülüb.
Bundan əlavə, İran tərəfi dəymiş zərərə görə dəqiq kompensasiya ödənilməsini və Hörmüz boğazı üzərində suveren hüquqlarının tanınmasını tələb edir.
Həmçinin qeyd edilib ki, Vaşinqtonun planı ballistik raket, nüvə proqramı və dəniz təhlükəsizliyi məsələlərini ehtiva edir. Razılaşma əldə olunacağı təqdirdə, İslam Respublikasına tətbiq edilən iqtisadi sanksiyaların yumşaldılması nəzərdə tutulur.