Martın 26-sı axşam saatlarında paytaxtın Xəzər rayonunun Zirə qəsəbəsində şəxsi münasibətlər zəminində yaranan münaqişə ölümlə nəticələnib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Postxronika.az-a verilən məlumata görə, 1959-cu il təvəllüdlü Cavanşir Muradov mübahisə zamanı ov tüfəngindən atəş açaraq qəsəbə sakini, 1981-ci il təvəllüdlü Məmmədhüseyn Əmirovu öldürməyə cəhd göstərib. Hadisə zamanı onun atası, 1956-cı il təvəllüdlü Vaqif Əmirov tüfəngdən açılan atəş nəticəsində həyatını itirib.
Polis əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən C.Muradov saxlanılıb. Cinayət aləti olan ov tüfəngi ondan maddi sübut kimi götürülüb.
Hazırda faktla bağlı aidiyyəti üzrə araşdırmalar davam etdirilir.