Bu gün Azərbaycan Sovet Sosialist Respublikasının sonuncu, Azərbaycan Respublikasının isə ilk dövlət başçısı – Sovet Azərbaycanın ilk və son prezidenti Ayaz Mütəllibovun vəfatından 4 il ötür.
Ayaz Mütəllibovun hər iki respublikaya rəhbərlik etdiyi dövr Azərbaycan tarixinin ən mürəkkəb və taleyüklü mərhələlərindən biridir. Bu illər ərzində həm daxili siyasi proseslər, həm də beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər ölkənin gələcək taleyini müəyyənləşdirdi. Həmin dövrdə baş verən hadisələrin xronoloji ardıcıllığını təqdim edirəm.
1990-cı il oktyabrın 17-də Azərbaycan SSR İran İslam Respublikası ilə iqtisadi və mədəni əlaqələrin inkişaf etdirilməsi haqqında müqavilə imzaladı. Bu sənəd Azərbaycan SSR-in ilk beynəlxalq hökumətlərarası razılaşması kimi tarixə düşdü və respublikanın müstəqil xarici siyasət istiqamətində atdığı ilk addımlardan biri oldu.
1991-ci il fevralın 5-də Azərbaycanın adından “Sovet Sosialist” ifadələri çıxarıldı və dövlət rəsmi olaraq Azərbaycan Respublikası adlandırılmağa başlandı. Eyni zamanda dövlət bayrağı dəyişdirildi, 1952-ci ildən istifadə olunan sovet rəmzli bayraq ləğv edilərək 1918–1920-ci illərin üçrəngli bayrağı bərpa olundu.
1991-ci il martın 12-də Ayaz Mütəllibovun rəhbərliyi dövründə İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanıdı. Bununla İran, SSRİ hələ formal olaraq mövcud olduğu bir vaxtda Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət kimi tarixə düşdü. Bu prosesin hüquqi əsası 1989-cu il sentyabrın 23-də qəbul edilən “Azərbaycan SSR-in Suverenliyi haqqında” Konstitusiya qanunu idi. Həmin qanun Azərbaycan SSR-in faktiki müstəqilliyini təmin etmiş, ona digər dövlətlərlə birbaşa əlaqələr qurmaq imkanı yaratmışdı. 1991-ci ilin avqustunda Ayaz Mütəllibovun İrana rəsmi səfəri isə onun ilk beynəlxalq səfəri kimi yadda qaldı. Elə həmin ilin dekabrında İranın xarici işlər naziri Əli Əkbər Velayəti Azərbaycana səfər etdi və Azərbaycan İranın tövsiyəsi ilə İslam Əməkdaşlıq Təşkilatına üzv qəbul olundu.
1991-ci il martın 17-də SSRİ-nin saxlanılması ilə bağlı referendum keçirildi və Azərbaycan da bu prosesdə iştirak etdi. Əhalinin böyük hissəsi yenilənmiş ittifaqın tərəfdarı kimi çıxış etdi. İyunun 24-də Azərbaycan Suveren Respublikalar İttifaqı haqqında müqaviləni təsdiqləmək üçün nümayəndə heyəti formalaşdırdı. Azərbaycanın 1991-ci ilin mart referendumunda SSRİ-nin saxlanmasına hə deməsi ona böyük siyasi dəstək qazandırmışdı. Bu vaxta qədər Ermənistanın tərəfini saxlayan Mixail Qorbaçov onlardan üz döndərdi və Azərbaycan rəhbərliyinə “erməni silahlı dəstələrinin Azərbaycandan təmizlənməsi məqsədi ilə “Koltso” əməliyyatının keçirilməsinə ona dəstək verdi. Nəticədə, Azərbaycan OMON qüvvələri Sovet Ordusunun yardımı ilə Kamo və Çaykəndi azad etdi. Bundan əlavə, Azərbaycanda olan bütün erməni rayon və kəndlərini boşaldıldı. Lakin avqustun 21-də Moskvada baş verən hərbi çevriliş bu planları alt-üst etdi. Çevrilişdən cəmi 9 gün sonra – 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Soveti “Dövlət müstəqilliyini bərpa etmək haqqında” bəyanat qəbul etdi və bununla faktiki olaraq sovet hakimiyyətinin sonu qoyuldu.
Avqust hadisələrindən sonra SSRİ-də siyasi güc balansı dəyişdi və hakimiyyət əsasən RSFSR prezidenti Boris Yeltsinin əlində cəmləşdi. Onun Ermənistan rəhbərliyi ilə yaxınlaşması Azərbaycanın Qarabağ məsələsində əvvəlki siyasi dəstəyi itirməsinə səbəb oldu. Bu isə Ayaz Mütəllibovun Moskva ilə münasibətlərini ciddi şəkildə zəiflətdi.
1991-ci il sentyabrın 8-də Azərbaycanda ilk prezident seçkiləri keçirildi və Ayaz Mütəllibov 98,5 faiz səslə ölkənin ilk prezidenti seçildi. Oktyabrın 18-də isə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı yekdilliklə qəbul olundu.
1991-ci ilin dekabrın 21-də Ayaz Mütəllibov Alma-Ata deklarasiyasına qoşularaq SSRİ-nin hüquqi baxımdan mövcudluğuna son qoyan sənədi imzaladı. Bundan sonra – dekabrın 29-da keçirilən referendumda əhalinin 99,6 faizi müstəqilliyin lehinə səs verdi və beləliklə, Azərbaycanın müstəqilliyi de-yure təsdiqləndi.
1991-ci ilin sentyabrında Jeleznovodskda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında kommünike imzalandı. Lakin iki ay sonra baş verən Qarakənd faciəsi bu razılaşmanı faktiki olaraq qüvvədən saldı. 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Azərbaycan dövlət nümayəndələrini daşıyan helikopter vuruldu və nəticədə 22 nəfər, o cümlədən yüksək vəzifəli şəxslər həlak oldu. Bu hadisə Ayaz Mütəllibovun siyasi komandasına ağır zərbə vurdu.
Noyabrın 26-da Azərbaycan Respublikası Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğvi barədə qərar qəbul etdi. Bu addım Qarakənd faciəsinə siyasi cavab kimi qiymətləndirilirdi. Eyni dövrdə Ermənistan silahlı qüvvələri və separatçı dəstələr Azərbaycan ərazilərinin işğalına başladılar.
1991-ci ilin fevralında Tahir Əliyevin müdafiə naziri təyin olunması isə sonradan ciddi tənqidlərə səbəb oldu. Hərbi sahədə təcrübəsinin olmaması bu təyinatı Mütəllibovun ən uğursuz qərarlarından birinə çevirdi.
Mütəllibov MDB-nin Birləşmiş Silahlı Qüvvələrinə qoşulmaq təşəbbüsü ilə çıxış etsə də, parlamentdə bu təklif qəbul olunmadı. Yalnız Xocalı soyqırımından sonra – 1992-ci il fevralın 28-də o, bu istiqamətdə addım atmağa məcbur oldu.
1992-ci il fevralın 18-də AXC tərəfindən Mütəllibova ultimatum verildi və ondan hakimiyyəti təhvil verməsi tələb olundu. Cəmi bir neçə gün sonra – fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhəri işğal edildi və dinc əhaliyə qarşı ağır qətliam törədildi.
Xocalıdan sonra Ayaz Mütəllibov Rusiyanın hərbi hissələrinin dəstəyi ilə şəhəri geri qaytarmaq üçün əməliyyat planlaşdırdı. Lakin 1992-ci il martın 6-da onun istefaya getməsi bu planın həyata keçirilməsinə imkan vermədi və proses yarımçıq qaldı.
Ayaz Mütəllibovun hakimiyyəti dövrü Azərbaycan tarixində həm dövlət müstəqilliyinin bərpası, həm də ağır hərbi-siyasi böhranlarla yadda qaldı. Bu dövrü yalnız bir tərəfli qiymətləndirmək mümkün deyil – burada həm uğurlar, həm də ciddi səhvlər yanaşı mövcuddur.
Xatirəsinə hörmətlə.
Əli Novruzov (tarixçi)