ABŞ Dövlət katibi Marko Rubio Tehran beynəlxalq gəmiçiliyə təhlükə yaratmağı dayandıran kimi Hörmüz boğazının yenidən açıla biləcəyini bəyan edib. Jurnalistlərin bölgədə quru əməliyyatlarının mümkünlüyü ilə bağlı suallarını cavabsız qoyan amerikalı diplomat, problemin həlli yolunu qarşı tərəfin qlobal təhdidləri durdurmasında görüb. Xatırladaq ki, fevralın sonlarından etibarən Birləşmiş Ştatlar və İsrailin İslam Respublikasına qarşı başlatdığı hərbi hücumlar fonunda Yaxın Şərqdə tərəflər arasında ağır qarşılıqlı zərbələr endirilməkdədir.

Postxronika.az xəbər verir ki, münaqişənin kəskinləşməsi səbəbindən rəsmi Tehran bu strateji su yolunu öz rəqibləri və onları dəstəkləyən ölkələr üçün bağlayaraq icazəsiz hərəkət edən bir neçə tankerə hücum edib. Lakin İranın Xarici İşlər naziri Abbas Əraqçi martın 25-də Rusiya, Çin, Hindistan və digər dost dövlətlərə məxsus ticarət gəmilərinin adıçəkilən marşrutdan istifadəsinə yenidən şərait yaradıldığını açıqlayıb.