Zendaya və Robert Pattinsonun baş rollarda çəkildiyi "The Drama" filminin rejissoru Kristoffer Borqli keçmişdə qələmə aldığı bir esse ilə gündəmə gəlib. 2012-ci ildə Norveç jurnalında dərc olunan bu yazı sənətçinin karyerasının ən yüksək nöqtəsində ciddi müzakirələrə yol açıb.


Postxronika.az xəbər verir ki, "D2" jurnalında işıq üzü görən həmin məqalədə o vaxt 27 yaşında olan Borqli yeniyetmə bir qızla yaşadığı münasibətdən bəhs edib. Hazırda müxtəlif platformalarda yayılan bu materiallar rejissorun beynəlxalq nüfuzuna təsir göstərməyə başlayıb. Norveçdə hüquqi razılıq yaşı 16 olsa da, yetkin şəxslərlə yeniyetmələr arasındakı əlaqələr cəmiyyətdə hələ də kəskin qarşılanır. Müəllif essedə bu cür yaxınlığın doğurduğu narahatlıq və sosial təzyiqləri təhlil edib.


Borqlini qlobal səviyyədə tanıdan "Dream Scenario" filmindən sonra bu qalmaqalın sənətçinin fəaliyyətinə necə təsir edəcəyi maraq doğurur. Onun yaradıcılıq üslubu adətən tabulara toxunan və tamaşaçıda diskomfort yaradan mövzular üzərində qurulub. Hollivudun diqqət mərkəzində olan rejissor hələ ki məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Mütəxəssislər baş verənlərin onun peşəkar imicinə mənfi təsir edə biləcəyini ehtimal edirlər.