Rusiya Xarici İşlər Nazirliyi (XİN) Çexiyanın Rusiyadakı səfiri Daniel Kostovalunu nazirliyə çağıraraq Praqadakı Rusiya Evinə edilən hücumla bağlı kəskin etirazını bildirib.
Postxronika.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib.
Zaxarova bildirib ki, martın 26-sı axşam saatlarında Praqadakı Rusiya Elm və Mədəniyyət Mərkəzinə "Molotov kokteylləri" ilə edilən hücuma görə çexiyalı diplomata kəskin etiraz edilib və hadisə ilə bağlı dərin narahatlıq ifadə olunub.
Moskva Çexiya hakimiyyətindən hücumun dərhal araşdırılmasını tələb edib. "Biz Çexiya tərəfindən bu cinayətin operativ və səlahiyyətli şəkildə araşdırılmasını, günahkarların tapılıb cəzalandırılmasını və Praqadakı Rusiya diplomatik obyektlərinin təhlükəsizliyini təmin etmək üçün zəruri tədbirlərin görülməsini tələb edirik", - deyə Zaxarova vurğulayıb.