Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) və onun tabeli qurumları, xüsusilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ölkə ərazisində müşahidə olunan intensiv yağışlarla əlaqədar gücləndirilmiş iş rejimində çalışır.

Postxronika.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) istinadən xəbər verir ki, hazırda Bakı və Abşeron yarımadasına yağan intensiv xarakterli yağıntının miqdarı 104 mm qeydə alınıb ki, bu da aylıq normanın 440 faizini (təxminən dörd dəfədən çox) təşkil edir.

Mövcud vəziyyətlə əlaqədar iri şəhərlərin xidməti ərazisində yağış sularının idarə olunmasına ADSEA-da yaradılmış Operativ Qərargah tərəfindən nəzarət edilir. Agentliyin "955" Çağrı Mərkəzinə, elektron və sosial şəbəkə hesablarına, həmçinin ictimaiyyətlə əlaqə telefonlarına daxil olan müraciətlər, o cümlədən həssas ərazilərdəki vəziyyətə dair informasiya Operativ Qərargah vasitəsilə Coğrafi İdarəetmə Sistemləri (CİS) üzərindən idarə olunur.

Hazırda bütün sukanal idarələrində intensiv yağışlarla bağlı növbəli əsasda fasiləsiz fəaliyyət daha da genişləndirilib. Ərazilərdə xətlərin açılması, suların çəkilməsi və mövcud xətlərə yönləndirilməsi işləri icra olunur. Proseslərə müxtəlif funksiyaya malik texnikalar da cəlb edilib. Ərazilərin yağış sularından təmizlənməsi və axıntıların kollektorlara yönləndirilməsi istiqamətində işlər intensiv şəkildə davam etdirilir.