İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi Pakistanın paytaxtı İslamabadda keçirilən regional görüşdə Tehranın təmsil olunmadığını bildirib. 

Postxronika.az xəbər verir ki, diplomat region dövlətlərinin sülh səylərini təqdir etsə də, hadisələrə real prizmadan yanaşmağın vacibliyini vurğulayıb. Bəqayi qeyd edib ki, Vaşinqtondan müxtəlif vasitəçilər, o cümlədən Pakistan vasitəsilə dialoq təklifləri gəlsə də, tərəflər arasında heç bir birbaşa təmas baş tutmayıb.

Sözçü ABŞ-nin diplomatiya sahəsindəki etibarlılığını şübhə altına alaraq, təqdim olunan şərtlərin qeyri-real və həddindən artıq tələbkar olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Birləşmiş Ştatların 2025 və 2026-cı illərdəki hərbi addımları Tehranın bu bəyanatların səmimiliyinə olan inamını sarsıdıb. İran rəsmisi ölkəsinin hazırda bütün səylərini yalnız müdafiəyə yönəltdiyini və Vaşinqtonun "diplomatiya xəyanəti" etdiyini əlavə edib. Xatırladaq ki, martın 29-da regionun aparıcı ölkələri İslamabadda məhz bu münaqişənin həlli yollarını müzakirə ediblər.