Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Qanuna edilən dəyişikliklərlə sərnişin daşıma fəaliyyəti ilə məşğul olanlar üçün bir sıra yeni və sərt tələblər müəyyənləşib.
Postxronika.az xəbər verir ki, Milli Məclisin qərarı ilə qəbul edilən və 3 mart 2026-cı ildə dövlət başçısı tərəfindən imzalanan sənədə əsasən, daşıyıcılar və sürücülər üçün tibbi müayinə, texniki baxış və sığorta qaydaları yenilənib.
Qanuna edilən əsas dəyişikliklərə görə, artıq aşağıdakı sənəd və məlumatların təqdim edilməsi məcburidir:
Tibbi müayinə: Sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumat.
Reysqabağı yoxlanış: Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, eləcə də sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədlər (və ya müvafiq xidmətlərin göstərilməsi üçün texniki və tibb məntəqələri ilə müqavilələr).
Xüsusi hazırlıq: Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirən sürücülərin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədlər.
Sığorta tələbləri sərtləşdirilir
Dəyişikliklərlə həm qeyri-müntəzəm, həm də müntəzəm beynəlxalq və şəhərlərarası (rayonlarası) sərnişin daşımalarına münasibətdə yeni icbari sığorta tələbləri əlavə edilib. Bu daşımaları həyata keçirənlər aşağıdakı sığortaları təmin etməlidirlər:
Avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin fərdi qəza sığortası;
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası;
Avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası.
Həmçinin, qeyri-müntəzəm sərnişin daşımalarında istifadə edilən avtonəqliyyat vasitələrinə dair tələblərin dairəsi daha da genişləndirilib.