Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə 2026-cı il 3 mart tarixli (375-VIIQD nömrəli) Qanunun tətbiqini təmin etmək məqsədilə yeni fərman imzalayıb.
Postxronika.az xəbər verir ki, imzalanan sənədə əsasən, icrası nəzərdə tutulan məsələlərin həlli Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb.
Fərmana əsasən, Nazirlər Kabineti qeyri-müntəzəm sərnişin daşımalarında istifadə edilən avtonəqliyyat vasitələrinə dair tələblərin müəyyənləşdirilməsi məqsədilə üç ay müddətində müvafiq dəyişikliklər etməlidir. Bu dəyişikliklər Nazirlər Kabinetinin 2024-cü il 27 mart tarixli 183 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”ə tətbiq ediləcək.
Quruma tapşırılıb ki, edilən dəyişikliklər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
Həmçinin, “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə yeni qanundan irəli gələn digər məsələlərin həll edilməsi də Nazirlər Kabinetinə həvalə olunub.