Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar bayram günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi məqsədilə 19-30 mart tarixlərində gücləndirilmiş iş rejimində çalışıb. Nəticədə istirahət günlərində rekord sayda – 200 mindən çox sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
Postxronika.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirilməsinə agentlik tərəfindən xüsusi nəzarət olunub. Bildirilib ki, gücləndirilmiş rejimin 12 günü ərzində təkcə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 3157 reys həyata keçirilib və 84 135 sərnişin mənzil başına çatdırılıb.
Sərnişin tələbatını qarşılamaq üçün adi günlərlə müqayisədə əlavə olaraq 450-dən çox reys təşkil edilib. Bayram günlərində bölgələrə üz tutan vətəndaşların əks istiqamətə rahat gəlişini təmin etmək üçün region avtovağzallarında da müvafiq şərait yaradılıb. Ümumilikdə, 19-30 mart tarixlərində bölgə avtovağzallarından müxtəlif istiqamətlərə, o cümlədən paytaxta 18 000 reyslə 116 000-ə yaxın sərnişin yola salınıb.
Biletlər avtovağzalların kassalarından, eləcə də “biletim.az” portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Qeyd olunub ki, 19-21 mart tarixlərində sərnişinlərin 60 faizi biletlərini onlayn qaydada əldə edib. Digər günlərdə isə bu göstərici 35-40 faiz təşkil edib ki, bu da onlayn bilet satışında növbəti rekord göstəricidir.
Ümumilikdə, bayram tətili müddətində Bakıdan bölgələrə və əks istiqamətdə daşınan sərnişinlərin tələbatı tam olaraq qarşılanıb.