Aylıq normadan 6 dəfədən çox yağan intensiv yağışlar səbəbindən Abşeron rayonu ərazisində fəaliyyət göstərən irihəcmli nasos stansiyasının iş prinsipində yaranmış problemlər aradan qaldırılır. Görülən tədbirlər nəticəsində nasosların bir neçəsi artıq işlək vəziyyətə gətirilib və hazırda rayonun bütün ərazilərinə içməli suyun verilməsi təmin edilib.

Postxronika.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) yaydığı məlumatda bildirilir. Məlumata görə, ADSEA-nın və digər dövlət qurumlarının birgə fəaliyyəti nəticəsində hazırda nasos stansiyasının bərpası istiqamətində işlər davam etdirilir. Bildirilib ki, stansiyanın fəaliyyəti tam bərpa olunduqdan sonra su təminatında əvvəlki qrafik rejimin tətbiqi təmin olunacaq.

Agentlikdən həmçinin vurğulanıb ki, nasos stansiyasının fəaliyyətindəki sözügedən problem səbəbindən bəzi ərazilərin yağış sularından təmizlənməsi prosesində çətinliklər yaranıb. Buna baxmayaraq, Agentliyin tabeli qurumlarının əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər.