Məşhur aktrisa Zendaya 2026-cı ildəki gərgin iş qrafikindən sonra bir müddətlik yaradıcılıq istirahətinə çıxmağa hazırlaşır. O, bu qərarını izləyicilərin ondan yorulmaması üçün atılan bir addım kimi qiymətləndirib.


Postxronika.az xəbər verir ki, "Emmy" mükafatçısı cari il ərzində beş irimiqyaslı layihədə yer alacaq. Aktrisa apreldə "The Drama" filmi və "Euphoria" serialının yeni mövsümü ilə izləyicilərin görüşünə gələcək. Yayda isə Kristofer Nolanın "The Odyssey" ekran əsəri və növbəti "Spider-Man" filmi nümayiş olunacaq. İlin sonunda sənətçinin rol aldığı "Dune" saqasının üçüncü hissəsi kinoteatrlarda yer alacaq. Zendaya "Fandango"ya müsahibəsində bu sıx qrafikdən sonra bir müddətlik "gizlənməli" olacağını zarafatla qeyd edib.


Ekranlardan uzaqlaşmağı hədəfləyən ulduzun səssizlik dövrü çox uzun çəkməyəcək. Belə ki, sənətçi 2027-ci ilin yayında "Shrek 5" animasiya filminin təqdimatı üçün yenidən ictimaiyyət qarşısına çıxacaq. Bu layihədə o, Şrekin qızı Felisiyanı səsləndirərək məşhur aktyor heyətinə qoşulacaq.