Rejissor Riçard Kellinin "Southland Tales" ekran əsəri 20 illik yubileyi ərəfəsində yenidən diqqət mərkəzinə düşüb. Film vaxtilə böyük ümidlərlə ərsəyə gətirilsə də, kinoteatrlarda gözlənilən nəticəni verməyib.
Postxronika.az xəbər verir ki, layihədə rol alan aktyor Lu Teylor Puççi ekran işinin uğursuzluğunun rejissor üçün ağır mənəvi zərbə olduğunu bildirib. O, ''Reddit'' platformasındakı çıxışında Riçard Kellinin bu filmin böyük kassa gəliri gətirəcəyinə inandığını, lakin nəticənin məyusedici olduğunu vurğulayıb. Dueyn Conson və Sara Mişel Qellar kimi ulduzların yer aldığı bu distopik triller Kan kinofestivalında narazılıqla qarşılanmış və cəmi 375 min dollar qazanc əldə etmişdi. Puççi ssenarinin çəkiliş zamanı ciddi dəyişikliyə məruz qaldığını və zamanla səyahət kimi elementlərin sonradan əlavə edildiyini qeyd edib. Aktyorun fikrincə, film Amerika cəmiyyəti haqqındakı maraqlı öncəgörmələri ilə bu gün də izlənilməyə dəyər.
Digər tərəfdən, aktrisa Sara Mişel Qellar ekran işini həddindən artıq iddialı adlandıraraq premyera zamanı yuxuya getdiyini etiraf edib. Riçard Kelli isə bir çox insanın bu aqressiv və təxribatçı janrı qəbul etməyə hazır olmadığını düşünür. Hazırda sözügedən layihə müəyyən auditoriya üçün kult statusu qazansa da, tarixdə ən böyük maliyyə uğursuzluqlarından biri kimi qalmaqdadır.