Tanınmış rejissor Eli Rotun "Ice Cream Man" (Dondurmaçı) adlı yeni qorxu filmi 2026-cı ilin yayında tamaşaçılara təqdim olunacaq. Ekran əsərinin 7 avqustda geniş auditoriya üçün nümayiş etdirilməsi planlaşdırılır.
Postxronika.az xəbər verir ki, bu layihə müəllifin 2025-ci ildə təsis etdiyi "The Horror Section" studiyasının ilk rəsmi istehsalıdır. Süjet xətti sakit bir qəsəbədə uşaqlara müəmmalı şirniyyatlar təqdim edən dondurmaçının törətdiyi dəhşətlərdən bəhs edir. Ari Millenin baş rolda çıxış etdiyi filmdə, rejissor özü də rol alıb. Ssenari üzərində Rotla yanaşı, onun uzunmüddətli tərəfdaşı Noa Belson çalışıb. Musiqi tərtibatında Snup Doqun imzası olduğu halda, layihənin icraçı prodüserliyini digər rep ulduzu Nas üstlənib.
"Hostel" kimi tanınmış trillerlərin yaradıcısı bu dəfə də özünəməxsus qanlı üslubuna sadiq qalıb. Rejissorun yeni studiyası gələcəkdə "Stiletto" kimi fərqli layihələrlə də kino dünyasını təəccübləndirməyi hədəfləyir. "Ice Cream Man" Şimali Amerikada 2000-dən çox kinoteatrda yayımlanaraq geniş izləyici kütləsini əhatə edəcək.