Böyük Britaniyanın Baş naziri Kir Starmer Yaxın Şərqdəki münaqişəni və beynəlxalq müstəvidəki qeyri-sabitliyi əsas gətirərək, ölkəsinin uzunmüddətli milli maraqlarının Avropa İttifaqı (Aİ) ilə daha sıx tərəfdaşlıq tələb etdiyini bildirib.
Postxronika.az xəbər verir ki, hökumət başçısı "Brexit"in Birləşmiş Krallığın iqtisadiyyatına ziyan vurduğunu vurğulayaraq, rəsmi Londonun qitə ölkələri ilə müdafiə, təhlükəsizlik və ticarət sahələrində daha iddialı əməkdaşlığa yönəldiyini qeyd edib. O, bu addımın ABŞ-dan uzaqlaşmaq mənasına gəlmədiyini, əksinə, ümumavropa təhlükəsizliyinin gücləndirilməsinin Qərb müttəfiqləri ilə münasibətlərə müsbət təsir edəcəyini əlavə edib. Starmer xarici təzyiqlərdən asılı olmayaraq, atdığı addımlarda yalnız öz dövlətinin mənafeyinə uyğun hərəkət edəcəyini diqqətə çatdırıb.
Baş nazirin vahid bazara yenidən yaxınlaşmaq barədə səsləndirdiyi fikirlər isə ölkənin siyasi dairələrində fərqli reaksiyalara səbəb olub. Belə ki, Liberal Demokratlar və Yaşıllar Partiyası rəhbərliyin yeni kursunu təqdir etsələr də, "Reform UK" nümayəndələri bloka inteqrasiyanın dərinləşdirilməsi cəhdlərini sərt şəkildə tənqid ediblər.