Aprelin 1-də respublika ərazisində daxili işlər orqanlarının əməkdaşları tərəfindən cinayətkarlıqla mübarizə, qanunsuz silah-sursatın və narkotik vasitələrin dövriyyədən çıxarılması istiqamətində növbəti əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nəticədə onlarla cinayətin üstü açılıb, müxtəlif əməllərə görə axtarışda olan şəxslər tutularaq ədalət mühakiməsinə təslim edilib.

Postxronika.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, ötən gün ölkə ərazisində qeydə alınan 25, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Həyata keçirilən tədbirlərlə cinayət törətməkdə şübhəli bilinən 35 nəfər, eləcə də axtarışda olduğuna görə ümumilikdə 79 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 68 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin, polis əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 6 nəfər tutularaq istintaqa təhvil verilib. Eyni zamanda, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə verilib.

Gün ərzində qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə və silah-sursat müsadirə edilib. Belə ki, narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatın götürülməsi ilə bağlı isə 6 fakt müəyyən edilib. Əməliyyatlar nəticəsində ümumi çəkisi 15,2 kiloqrama yaxın narkotik vasitə, həmçinin paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 tüfəng və 21 ədəd patron aşkar olunaraq götürülüb. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi və digər istiqamətlərdə qətiyyətli əməliyyat-profilaktik tədbirlər davam etdirilir.