Paytaxtın Nərimanov rayonu ərazisində yollarda aparılan təmir işləri nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradıb. Belə ki, Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində yerləşən körpünün üzərində aparılan işlərlə əlaqədar olaraq şəhərin bir sıra əsas yollarında avtomobillərin hərəkəti yavaşıyıb.

Postxronika.az Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, yaranmış vəziyyətlə əlaqədar Ziya Bünyadov prospektindən “Koroğlu” metro stansiyası, Alı Mustafayev, Əbdülvahab Salamzadə küçələri, “20 Yanvar” dairəsi, Moskva və Tbilisi prospektləri, eləcə də Bakı-Sumqayıt şosesi ilə “20 Yanvar” metro stansiyası istiqamətlərində sıxlıq müşahidə olunur.

Qeyd edək ki, hazırda polis əməkdaşları əraziyə cəlb edilib və qeyd olunan müxtəlif istiqamətlər üzrə sıxlığın aradan qaldırılması, nəqliyyatın hərəkətinin nizamlanması üçün zəruri tədbirlər görülür.