Bakıda kişi və qadın boksçular arasında ənənəvi "Böyük İpək Yolu" beynəlxalq turnirinə start verilib. Yarışın ilk günündə Azərbaycan millisinin 4 boksçusu mərhələ adlamağı bacarıb.
Postxronika.az xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan Avropa çempionu Nicat Hüseynov startda İon Plinqanı (Moldova) məğlub edib. Hər 3 raundu öz xeyrinə bitirən idmançımız yekunda 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.
Bu çəkidə yer alan digər təmsilçimiz Zəlimxan Süleymanov komanda yoldaşı Kənan Babayevi mübarizədən kənarlaşdırıb. O, ikinci raundda tam üstünlüklə qələbə qazanıb. Mərhələ adlayan Süleymanovla Hüseynov 1/4 finalda bir-birinə rəqib olublar.
Digər boksçumuz Mahmud Hüseynov (65 kq) gürcüstanlı rəqibi Zviad Tçotçua döyüşə çıxmadığı üçün birbaşa 1/4 finala vəsiqə qazanıb. O, bu mərhələdə komanda yoldaşı Zaur Qəhrəmanovla üz-üzə gələcək.
65 kq çəki dərəcəsində çıxış edən Malik Həsənov da adını 1/4 finala yazdırıb. Boksçumuz ilk görüşdə Yiğit Usdan (Türkiyə) üstün olub – 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27). Həsənovun növbəti qarşılaşmadakı rəqibi Levan Demurovi (Gürcüstan) olacaq.
Qeyd edək ki, Boks Mərkəzində 10 ölkənin iştirakı ilə keçirilən "Böyük İpək Yolu" beynəlxalq turnirinə aprelin 7-də yekun vurulacaq.