İtaliyanın Udine şəhərində keçirilən 28-ci Uzaq Şərq Film Festivalının builki proqramı açıqlanıb. Aprelin 24-də başlayacaq bu mötəbər tədbirdə Asiya kinosunun ən seçmə nümunələri nümayiş etdiriləcək. Mayın 2-dək davam edəcək kino marafonunda 12 ölkədən cəmi 76 fərqli ekran əsəri izləyicilərə təqdim olunacaq.
Postxronika.az xəbər verir ki, builki proqramda Sinqapur və Vyetnam filmləri xüsusi yer tutur. Yaponiya tarixinin ən çox gəlir gətirən ekran işi olan "Kokuho" dramı da festivalın əsas sürprizlərindəndir. Həmçinin, tədbir tarixində ilk dəfə olaraq Cənubi Koreya istehsalı olan sənədli film əsas müsabiqə mərhələsində yarışacaq.
Festival çərçivəsində məşhur sənətkarlar Fan Binbin və Koji Yakuşo xüsusi mükafatlarla təltif olunacaqlar. Onlara kinonun inkişafındakı böyük xidmətlərinə görə fəxri "Qızıl Tut" mükafatı veriləcək. Hər iki əfsanəvi ulduz mükafatlandırma mərasimində iştirak etmək üçün şəxsən Udine şəhərinə gələcək.