Holivud ulduzu Rayan Qoslinq "Oscar" mükafatlı rejissorlar Deniel Kvan və Deniel Şaynertin yeni filmində rol almayacaq. Sənətçinin sıx iş qrafiki səbəbindən tərəflər arasında yekun razılıq əldə olunmayıb. ''Universal Pictures'' studiyasının istehsalı olan ekran işinin çəkilişlərinə bu yay start verilməlidir. Layihənin böyük ekranlara çıxışı isə 2027-ci ilin noyabrına planlaşdırılır.


Postxronika.az xəbər verir ki, adı hələlik gizli saxlanılan film maraqlı elmi-fantastik döyüş komediyası janrında ərsəyə gələcək. Rejissorlar bu işi böyük ürəyi olan və dünyadakı mürəkkəb prosesləri əks etdirən yaradıcılıq nümunəsi kimi təqdim edirlər. Qoslinqin gedişinə baxmayaraq, çəkiliş təqvimində hər hansı dəyişiklik nəzərdə tutulmayıb. Bu qərar istehsalçıların Kaliforniya ştatından aldıqları vergi güzəştlərini itirməmək istəyi ilə bağlıdır.


Hazırda "Project Hail Mary" filmi ilə qlobal prokatda liderlik edən aktyorun digər böyük layihələri də yoldadır. Tanınmış sima növbəti dəfə "Star Wars" franşizasında izləyici qarşısına çıxacaq. Deniellərin sözügedən yeni ekran əsərində isə əsas ağırlığın daha gənc istedadlara veriləcəyi gözlənilir. Artıq baş rol üçün yeni namizədlərin axtarışına başlanılıb.