Minifutbol üzrə ölkə çempionatının 2025/2026-cı illər mövsümünə yekun vurulub. Yeddi aya yaxın davam edən yarışın final matçında “Zirə” və “Birbaşa Bakı” komandaları üz-üzə gəlib. Qarşılaşma “Zirə”nin 4:1 hesablı qələbəsi ilə başa çatıb və “qartallar” tarixində ilk dəfə ölkə çempionu adına layiq görülüb.

Postxronika.az xəbər verir ki, yarışın bürünc mükafatını üçüncülük uğrunda oyunda “Sumqayıt”ı məğlub edən “Aznur” komandası qazanıb. Final görüşündən sonra çempionatın qalib və mükafatçılarının təltifetmə mərasimi keçirilib.

Mükafatlandırma zamanı “Zirə”nin üzvlərindən Ağaseyid Qasımov mövsümün ən yaxşı qapıçısı, Rəvan Kərimov isə ən yaxşı futbolçusu seçilib. Mövsümün ən məhsuldar oyunçusu fəxri adına isə “Aznur”un üzvü Əsgər Alişanov layiq görülüb.