İran Prezidenti Məsud Pezeşkian Azərbaycan hökumətinin və xalqının nümayiş etdirdiyi rəğbət və dəstəyi yüksək qiymətləndirib.

Postxronika.az xəbər verir ki, bu barədə dövlət başçısı "X" sosial media hesabında Azərbaycan Prezidenti İlham Əliyevlə apardığı telefon danışığına dair paylaşımında qeyd edib.

​Pezeşkian çətin anlarda dost və qardaş xalqların bir-birinin yanında olmasının vacibliyini, dərin sivilizasiya köklərinin bu bağları daha da gücləndirdiyini vurğulayıb.

Xatırladaq ki, aprelin 2-də baş tutan zəng zamanı İran lideri ölkəsinə göstərilən humanitar yardıma görə Prezident İlham Əliyevə minnətdarlığını çatdırıb. Öz növbəsində Azərbaycan dövlət başçısı yardımların davam edəcəyini və yaxın vaxtlarda növbəti dəstək karvanının göndəriləcəyini bildirib.

​Prezident İlham Əliyev İrandakı gərgin vəziyyətdən narahatlığını ifadə edərək, həlak olanlara rəhmət diləyib və qarşıdurmanın tezliklə sona çatmasını arzulayıb. Söhbət əsnasında regionda sülhün qısa zamanda bərqərar olmasının zəruriliyi də xüsusi olaraq qeyd edilib.