Amerika kəşfiyyat xidmətlərinin son hesabatlarına görə, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar Tehranın Yaxın Şərqdəki təsir imkanlarının artması ilə nəticələnə bilər.

"Postxronika.az" xəbər verir ki, bu barədə "Reuters" agentliyi mötəbər mənbələrə istinadən məlumat yayıb. Analitiklər hesab edirlər ki, strateji əhəmiyyətli Hörmüz boğazı üzərindəki nəzarət rəsmi Tehran üçün Vaşinqtona qarşı ən kəsərli təzyiq vasitəsidir və bu rıçaq nüvə silahından daha effektiv hesab olunur.

Buna rəğmən, Ağ Ev rəhbəri Donald Tramp mühüm dəniz marşrutunun yaxın vaxtlarda yenidən açılacağına dair nikbinliyini ifadə edib. Lakin ekspertlər xəbərdarlıq edirlər ki, İranın raket və PUA potensialı bölgədəki Amerika qüvvələri üçün ciddi təhlükə yaratmaqda davam edir. Xatırladaq ki, fevralın sonunda başlayan qarşılıqlı hərbi zərbələr fonunda regionda gərginlik pik həddə çatmış, hətta İranın ali rəhbərinin həlak olduğu bildirilmişdi.