NASA-nın Aya doğru istiqamət alan "Orion" kosmik gəmisinin heyəti tərəfindən çəkilmiş planetimizin ilk görüntüləri ictimaiyyətə təqdim olunub.
"Postxronika.az" xəbər verir ki, astronavt Rid Vaysman tərəfindən lentə alınan fotolar qurumun rəsmi internet resursunda paylaşılıb. "Artemis II" missiyası çərçivəsində Floridadan start götürən gəmi hazırda dörd nəfərlik beynəlxalq heyətlə birlikdə peykimizə tərəf hərəkət edir.
Mütəxəssislərin proqnozuna görə, tədqiqatçılar Ayın səthindən təxminən 8 min kilometr məsafədə dövrə vurduqdan sonra yenidən Yerə qayıdacaqlar. Təxminən 10 gün davam edəcək bu səfər uğurla başa çatarsa, astronavtlar bəşər tarixində Yerdən ən uzaq məsafədə olan insanlar kimi rekorda imza atacaqlar. Qeyd edək ki, bu, 1972-ci ildən bəri həyata keçirilən ilk pilotlu Ay missiyasıdır.