Hazırda paytaxt Bakı və ölkənin müxtəlif bölgələrində müşahidə olunan dumanlı hava şəraiti yollarda görünüş məsafəsini əhəmiyyətli dərəcədə azaldıb

Postxronika.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yaranmış vəziyyətlə bağlı hərəkət iştirakçılarını daha diqqətli və məsuliyyətli olmağa çağırıb.İdarə sürücülərə yola çıxmazdan əvvəl duman əleyhinə faraların sazlığını yoxlamağı, sürət həddini hava şəraitinə uyğun tənzimləməyi və ara məsafəsini qorumağı tövsiyə edir. Eyni zamanda, dumanlı havada qəfil manevrlər etməyin və ötmə əməliyyatlarına başlamağın böyük risk yaratdığı xüsusi vurğulanıb.

Piyadalardan isə yolu yalnız təyin olunmuş keçidlərdən keçmək və sürücülərin görünüş çətinliyini nəzərə alaraq yola qəfil çıxmamaq tələb olunur. BDYPİ bir daha xatırladır ki, məhdud görünüş şəraitində qaydalara ciddi riayət etmək ağır yol-nəqliyyat hadisələrinin qarşısını alan əsas amildir.