Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşərək mühüm sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə edib.
Postxronika.az Ukrayna liderinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir ki, tərəflər təhlükəsizlik sahəsində yeni addımlar atmaq barədə razılığa gəliblər. Zelenski rəsmi Kiyevin texnologiya və ekspertiza mübadiləsi vasitəsilə Türkiyəni dəstəkləməyə hazır olduğunu, işçi qrupların isə yaxın günlərdə detalları yekunlaşdıracağını bildirib. Danışıqlar zamanı qaz infrastrukturunun təkmilləşdirilməsi və enerji yataqlarının birgə istismarı kimi strateji layihələr də diqqət mərkəzində olub. Ukrayna dövlət başçısı ölkəsinin müstəqilliyinə və ərazi bütövlüyünə verilən ardıcıl dəstəyə görə həmkarına xüsusi minnətdarlığını ifadə edib. Bu tərəfdaşlığın regionun ümumi hərbi və iqtisadi potensialını gücləndirəcəyi vurğulanıb.